DÜNYA
Pentaqon uçan naməlum obyektləri tədqiq etmək üçün işçi qrupu yaradacaq
Bakı, 14 avqust, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hərbi Hava Qüvvələrinin qarşılaşdığı uçan naməlum obyektlərin tədqiqatı üzrə işçi qrup formalaşdırmaq barədə qərar qəbul edib.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, hərbi qurumda olan mənbənin məlumatına görə, işçi qrupun üzvləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Qrupun işinə ABŞ Müdafiə nazirinin müavini Devid Norkvist nəzarət edəcək.
Qeyd edək ki, iyulda ABŞ konqresində uçan naməlum obyektlərlə bağlı narahatlıq ifadə olunub. Konqresmenlər bu obyektlərin yer mənşəli və potensial düşmənin kəşfiyyat vasitələri ola biləcəyini istisna etməyiblər.
Aprelin sonlarında Pentaqonun saytında naməlum obyektlərin qeydə alındığı videolar yerləşdirilib.
Qurumun məlumatına görə, videolardan biri 2004-cü ilin noyabrında, digər ikisi isə 2015-ci ilin yanvarında ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən çəkilib.
Cari ilin iyununda isə ABŞ Prezidenti Donald Tramp 1947-ci ildə Nyu-Meksika ştatında uçan naməlum obyektlərin güman edilən qəzası barədə çox şey bildiyini və bu barədə informasiyanın artıq məxfilikdən çıxarıla biləcəyini deyib.