REGİONLAR


Per Oddvar Hildre Naxçıvandakı xor kollektivləri üçün ustad dərsləri keçib

Naxçıvan, 16 may, AZƏRTAC

Norveçli məşhur xor şefi və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olublar.

Sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında universitetin incəsənət fakültəsinin xor kollektivinin ifasında musiqi nömrələrini dinləyiblər. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Naxçıvana səfərə gələn nümayəndə heyətinin üzvlərini tələbələrə təqdim edib. Bildirib ki, nümayəndə heyətində Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” ansamblının üzvü Rauf Babayev, Azərbaycanın Əməkdar artisti İlqar Muradov, yazıçı-publisist Əlibala Məhərrəmzadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və dünyada tanınmış norveçli musiqiçi, əfsanəvi “Skruk” xorunun dirijoru Per Oddvar Hildre var. Qeyd edilib ki, səfərin məqsədi Naxçıvandakı xor kollektivlərinin fəaliyyəti ilə yaxından tanış olmaqdır.

Daha sonra qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin xor kollektivlərinin ifasında musiqi nömrələrini dinləyib, öz fikirlərini, tövsiyə və məsləhətlərini veriblər.

Per Oddvar Hildre bildirib ki, musiqi nömrələrini peşəkarlıqla ifa edən kollektivin üzvləri çox həvəsli və bacarıqlıdırlar. Onlar səhnədə tamaşaçılara fərqli üslubda, yeni bir ifa tərzində geniş repertuar təqdim etmək imkanlarına malikdirlər.

Sonra norveçli dirijor xor kollektivləri üçün ustad dərsi keçib.

Səfər çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi də imzalanıb.

Nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.