İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq məhsul satılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artıb. Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 335,6 manat və ya 2019-cu ilin müvafiq göstəricisindən nominal ifadədə 4,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.