MƏDƏNİYYƏT


Perunun qədim Maçu Piçu şəhərində tarixi tikililər aşkar edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Perunun qədim Maçu Piçu şəhərində lazer texnologiyası ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) vasitəsilə tarixi tikililər aşkar edilib.

AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, arxeoloqlar Maçu Piçu mərkəzindən cəmi 8 kilometr məsafədə Cochabamba adlı parad meydanının ətəyində meşənin dərinliklərində gizlənmiş daş qurbangah, 14 hamam və su kanalı sistemi tapıb.

Tədqiqat qrupunun rəhbəri Dominika Sieczkovska yeni kəşf edilən strukturlarla bağlı açıqlama verib. Bildirib ki, qədim Maçu Piçu şəhərinə yalnız çox imtiyazlı insanlar daxil ola bilərdi, çünki bu, çox xüsusi bir yer idi.

Qeyd edək ki, hər il minlərlə turist Peruda İnka sivilizasiyasına aid olan Maçu Piçu şəhərinə baş çəkir. Latın Amerikasının Maçu Piçu şəhəri yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Onu "İnklərin itirilmiş şəhəri" də adlandırırlar. Bu tarixi şəhər tropik meşəliyin ortasında, dəniz səviyyəsindən 2430 metr yüksəklikdə, Perunun Kusko şəhərindən 80 km məsafədə olan mənzərəli bir ərazidə yerləşir.

And dağlarının ucsuz-bucaqsız zirvələrindən birində yerləşən Maçu Piçu zəngin flora və faunası ilə Amazon hövzəsinin üst hissəsini əhatə edir. Maçu Piçu memarlıq əsəri İnk sivilizasiyasının bədii memarlıq və inşaat sahəsinin ən böyük nailiyyətlərindən biri hesab olunur. Bu əhəmiyyətli maddi irs nümunəsinin adının hərfi mənası keçua dilindən tərcümədə “qoca zirvə” deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.