SİYASƏT


Pərvin Kərimzadə: Azərbaycan dövlətinin güclü iradəsi, güclü ordusu və sarsılmaz milli birliyi var

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda mübarizə aparır. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, təşkilata üzv olan ölkə silahlı hücuma məruz qaldığı halda özünümüdafiə hüququna malikdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının icra olunmayan 4 qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələri birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməlidir.

Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Bütün proseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan konstruktiv və ardıcıl mövqe nümayiş etdirir. Məhz bunun üçün də siyasi təhlilçilər tərəfindən hazırda Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatları, dövlətimizin başçısının da vurğuladığı kimi, məhz sülhə məcburetmə əməliyyatı adlandırılır. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almır, dinc sakinlərə zərər vermir.

Bu gün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid, məhz işğalçı ölkənin - Ermənistanın siyasi kursudur. Azərbaycan torpaqlarına qəsd edərək beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymayan işğalçı Ermənistan hakimiyyətinin silahlı qüvvələridir.

Hərtərəfli məğlubiyyətə uğrayan işğalçı Ermənistan hakimiyyəti məğlubiyyətini ört-basır etmək üçün ciddi təxribatlara əl atır. Dinc əhalini, mülki vətəndaşları atəş altında saxlayan erməni hərbçiləri bu dəfə məqsədli şəkildə Azərbaycanın döyüş bölgəsindən xeyli kənarda yaşayan insanları hədəfə aldı.

Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində düşmənin mülki əhaliyə hücumlarının məqsədi barədə danışarkən dedi: “Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasında məqsəd panika, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir”. Ölkə başçısı, həmçinin bu mübarizədə ölkəmizin güclü iradəsinin, güclü ordusunun olduğunu bildirdi. Vurğuladı ki, məhz buna görə də bu xain hücumlar bizim iradəmizi qıra bilmədi: “Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir... Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır”.

İşğalçı Ermənistanın ölkəmizə qarşı təxribat hücumları, hiylələri, məkri Azərbaycanı öz yolundan döndərə bilməz. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirilməsinə baxmayaraq, havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini yürütməklə, özünü rəzil duruma salmaqda israrlıdır.

Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalmasından bu günə qədər Azərbaycanda dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib.

Erməni vandalları oktyabrın 11-də saat 02:00 radələrində daha bir terror törətdilər. Belə ki, Ermənistanın humanitar atəşkəs elan olunduqdan sonra oktyabrın 11-də Gəncəni raket atəşinə tutması, barbarlığı, soyqırımı aktı nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 6-sı uşaq, 16-sı qadın olmaqla 40-a yaxın insan yaralandı. Ermənistanın Gəncəyə terror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirdi. Oktyabrın 17-də erməni təcavüzkarlarının Gəncəyə növbəti hücumu nəticəsində 14 nəfər qətlə yetirildi, 55 nəfər isə müxtəlif xəsarətlər aldı. Gəncədə oktyabrın 4-dən indiyədək 20-dən çox şəxs həlak olub, 120-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə, ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətini hər addımda nümayiş etdirir. Düşmənin xain planları öz hədəfinə çatmayacaq. Düşmənin terror aktlarını törətməkdə əsas məqsədin Azərbaycanı dayandırmaq olduğunu vurğulayan ölkə Prezidentimizin qeyd etdiyi kimi: “Erməni işğalçıları düşünürlər ki, bu hərəkətləri ilə bizi dayandıracaqlar. Halbuki, Azərbaycanı ədalətli mübarizəsindən heç kim, heç bir qüvvə döndərə bilməz: “Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!”.

Bu gün qüdrətli Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən xain düşmənlər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Prezident İlham Əliyevin xarici televiziya kanallarına verdiyi müsahibələrdə, xalqa müraciətində öz siyasətində və mövqeyində dönməz olduğu Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən aldığımız sevindirici xəbərlər bir daha təsdiqləyir. Dövlətimizin başçısı vurğulayıb ki, “Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür”.

Hazırda Azərbaycan bütün dünyaya güclü dövlət və güclü ordusunun olduğunu, Dövlət-Ordu-Xalq birliyini nümayiş etdirir. Hər kəs inanır ki, bu gün Füzulidə, Suqovuşanda, Cəbrayılda, Hadrutda dalğalanan üçrəngli bayrağımız tezliklə Şuşada, Xankəndində, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda dalğalanacaq.

Tarixin şərəfli anlarını yaşadığımız bu günlərdə bir daha əmin olduq ki, müstəqilliyimiz əmin əllərdədir, xalqımızın milli birliyi sarsılmazdır.

Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.