REGİONLAR
Pərviz Əliyev: Kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin iqtisadi səmərəliliyini qiymətləndirməyə çalışırıq
Bakı, 9 oktyabr, AZƏRTAC
Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də hər il növbəti il üçün planlaşdırılan əkin sahələrinin ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə hesabatının hazırlanmasından ibarətdir. Bu hesabatın hazırlanması kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı yarana biləcək problemlərin aradan qaldırılmasına, məhsul balansının, habelə daxili bazarda qiymətlərin tənzimlənməsinə xidmət edir. Hazırlanmış hesabat tövsiyə xarakteri daşıyır və heç bir halda kənd təsərrüfatı istehsalçılarının müstəqil fəaliyyətinə müdaxilə məqsədi güdmür.
AZƏRTAC xəbər verir ki, bunu müsahibəsində Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi Təhlil və Proqnozlaşdırma Departamentinin baş mütəxəssisi Pərviz Əliyev deyib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Fərmanı ilə yaradıldığını vurğulayan Pərviz Əliyev qeyd edib ki, Mərkəzin əsas məqsədi aqrar sahə ilə bağlı məlumatların toplanması, təhlili, habelə ən müasir analitik vasitələrdən istifadə edərək kənd təsərrüfatı fəaliyyətinin proqnozlaşdırılması və modelləşdirilməsidir. Bu zaman əsas diqqət kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların, müasir data-təhlili metodlarının, o cümlədən proqramlaşdırma vasitələrinin tətbiqi sayəsində mövcud məlumatların daha effektiv təhlili və rasional qərarların qəbul edilməsi üzərində cəmlənib. Mərkəzin İqtisadi Təhlil və Proqnozlaşdırma Departamentinin əsas fəaliyyət istiqamətləri isə aqrar fəaliyyətlə bağlı statistik məlumatların toplanması, işlənməsi, təhlili və yekun hesabatların hazırlanması, həmçinin mövcud trendlərin nəzərə alınması ilə aqrar sahənin ayrı-ayrı aspektlərinin proqnozlaşdırılmasından ibarətdir. İqtisadi Təhlil və Proqnozlaşdırma Departamenti öz fəaliyyətini bitkiçiliyin və heyvandarlığın təhlili, kənd təsərrüfatı məhsullarının emalının müqayisəli təhlili üzərində qurub.
Baş mütəxəssis bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir: “Bu baxımdan bitkiçilik sahəsində ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, qlobal trendlərin müəyyən olunması, yerli bazarda mövcud vəziyyətin dəyərləndirilməsi, habelə ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə dəyər zəncirinin təhlili, gübrə və pestisidlərdən istifadə səviyyəsinin qiymətləndirilməsi, məhsulların ixrac potensialının artırılması istiqamətində təhlillərin aparılması, həmçinin kənd təsərrüfatı məhsullarının daxili bazarda qiymətlərinin tənzimlənməsi kimi fəaliyyətləri qeyd edə bilərik. Heyvandarlıq sahəsində statistik məlumatların toplanması və təhlili, intensiv maldarlığın inkişaf etdirilməsi məqsədilə dövlət proqramının hazırlanması, bu məqsədlə yerli heyvan cinslərinin istehsal göstəricilərinin (süd verimi, ət verimi, yem bazası, təbii artım və s.) təhlili, habelə xarici ölkələrin təcrübələrinin öyrənilməsi kimi istiqamətlərdə təhlillər aparılır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı iqtisadi fəaliyyət də Mərkəzin xüsusi diqqət mərkəzindədir. Belə ki, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı məsələlərin əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsinə baxmayaraq, aqrar sahənin təhlili ilə bağlı fəaliyyətin tamlığının təmin olunması məqsədilə emal sahəsi artıq bizim tədqiqat obyektimizdir”.
Aqrar Tədqiqatlar Mərkəzi nəinki ölkəmizdə, hətta bütövlükdə Qafqaz regionunda ilk dəfə Avropa İttifaqının təcrübəsinə istinad edərək Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (FTMMS) üzrə sorğuların təşkilini həyata keçirir. Bu barədə danışan Pərviz Əliyev bildirib ki, bu sorğunun məqsədi kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin iqtisadi səmərəliliyini qiymətləndirilməkdən ibarətdir. Buraya monitorinqi aparılan fermerin istehsal etdiyi kənd təsərrüfatı məhsulları, istehsal və məhsuldarlıq göstəriciləri, xammal və xidmətlər üzrə xərclər, mənfəət, məşğulluq vəziyyəti, habelə heyvandarlıq sahəsi üzrə iqtisadi göstəricilər daxildir. Bu layihə çərçivəsində aparılmış monitorinqlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyində artıq üç ilin (2015-2017) məlumat bazası formalaşıb.