ELM VƏ TƏHSİL
Pərviz Həsənov: Sosial problemlərin həllinə yönələn islahatlar öz müsbət nəticələrini göstərməkdədir
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanda aparılan islahatların istiqamətinin və hədəflərinin düzgün müəyyənləşdirilməsi, qəbul olunan qərarların uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafını sürətləndirib və əhalinin rifahını yaxşılaşdırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri Pərviz Həsənov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı sosial iqtisadi sahədə aparılan islahatlar, əldə edilən nəticələr və qarşıda duran məsələlər barədə danışdı. Burada diqqətçəkən məqam kimi Prezident İlham Əliyevin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması ilə bağlı fikirlərinin üzərində dayanmaq yerinə düşərdi. Çünki Strateji Yol Xəritələrinin davamı olaraq 2021-2025–ci illər üzrə yeni bir proqramın işlənilməsi islahatların daha effektli olması baxımından önəmlidir. Belə ki, 2016-2020–ci illər üzrə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Strateji Yol Xəritələrinin icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin 2 il ərzində 52 faizinin yerinə yetirilməsi diqqətəlayiqdir. Bu, nəzərdə tutulan tədbirlərin tam icra olunacağına dəlalət edir.
2019-cu il Azərbaycanda islahatlar ili kimi başladı. Prezidentin sosial problemlərin həllinə və dövlət idarəetməsinin təkmilləşdirilməsinə yönələn sərəncam və fərmanları öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, 2019-cu ilin ilk iki ayında 830 minə yaxın insanın minimum əməkhaqqı 40 faizə qədər, sosial müavinətlər isə orta hesabla 2 dəfə artdı. Ümumilikdə 2019-cu ilin ilk aylarında atılan addımlar təqribən 3 milyona yaxın insanı əhatə edir. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanına əsasən 100 mindən artıq vətəndaş problemini həll etdi. Ölkə başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı insanların rifahına müsbət təsir göstərdi.
Dövlətimizin başçısı iclasda yeni inkişaf strategiyasının hazırlanmasında beynəlxalq və nüfuzlu maliyyə qurumlarından olan mütəxəssislərin əməyindən istifadə etməklə yanaşı, milli elmi potensialdan da istifadə edilməsinin zəruriliyini vurğuladı.
AMEA-nın İqtisadiyyat İnstitutunda çalışan alimlər olaraq, biz də bu prosesə bacardığımız köməyi edəcəyik. Onu da qeyd edim ki, institutun bu sahədə təcrübəsi var. Son 5 ildə bir sıra Dövlət proqramları və Strateji Yol xəritələrinin layihələrinin hazırlanmasında və ekspertizasında yaxından iştirak edib.
İnstitutumuz 2019-2021-ci illərdə isə Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində fundamental və tətbiqi tədqiqatlar aparmağı planlaşdırır.