İQTİSADİYYAT
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Əgər dəvət gələrsə Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) noyabrın sonunda Vyanada keçiriləcək iclasında iştirak edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Ötən ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən də Azərbaycan ümumi neft hasilatının azaldılması barədə sazişə qoşulub. Bu ilin mayında isə OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Bu ilin noyabr ayının sonunda OPEC-in Nazirlər Şurası səviyyəsində növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Sözsüz ki, əgər dəvət gələrsə Azərbaycan da bu iclasda iştiraka baxacaq”,- deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, Azərbaycan təkcə OPEC-lə deyil bütün beynəlxalq öhdəliklərə hər zaman çox ciddi yanaşır. Sözsüz ki, OPEC-lə əldə olunan bu razılaşma da istisna deyil: “Azərbaycanın marağındadır ki, neft bazarı sabit, balanslaşmış olsun və tarazlıq təmin edilsin. Sözsüz ki, tək bir ölkə bunun öhdəsindən gələ bilməz. Ona görə də, hər hansı bir formatda beynəlxalq aləmdə əməkdaşlığa ehtiyac var. Azərbaycan bu təşəbbüsə qoşulub və düşünür ki, bundan sonra da bu istiqamətdə addımlar ata bilər. Ümumiyyətlə son dövr göstərir ki, OPEC və qeyri-OPEC ölkələri tərəfindən Vyana sazişi çərçivəsində atılan addımlar özünü doğruldur. Cari il ərzində neft bazarı nisbətən taraz və stabildir. Bu da böyük nailiyyətdir”.
“Çox güman ki, OPEC-in noyabrdakı iclasında geniş müzakirələr aparılacaq, bazar təhlil olunacaq və gələcək addımlar haqqında da qərarlar qəbul ediləcək. Sözsüz ki, Azərbaycan da bu şərtlər altında beynəlxalq səviyyədə həmin təşəbbüsə qoşulmaq niyyətindədir”, - deyə energetika naziri əlavə edib.