İQTİSADİYYAT
Pərviz Şahbazov: Bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq üçün əlavə güclər yaradılacaq
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycanda bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq üçün əlavə güclər yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın da iştirakı ilə keçirilən “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda deyib.
Pandemiyanın enerji transformasiyasını sürətləndirməsi prosesindən də bəhs edən nazir ölkəmizdə islahatlar prosesinin tərkib hissəsi kimi elektroenergetika sistemində, xüsusilə bərpaolunan enerji sahəsinin inkişafında dönüş yaradacaq işləri də diqqətə çatdırıb.
P.Şahbazov deyib: “Bərpaolunan enerji sahəsində qanunun qəbulunu gözləmədən beynəlxalq enerji şirkətləri ilə aparılan danışıqların müsbət nəticəsi kimi 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrin icrasına başladıq. Bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq üçün 1000 meqavata yaxın əlavə güclərin yaradılması istiqamətində də hazırlıq görülür”.
Nazir, həmçinin Rusiya ilə energetika sahəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan da bəhs edib.