İQTİSADİYYAT


Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər

Bakı, 16 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə etmək perspektivinə malikdir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov bu fikirləri Almaniyada 55-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirak etdiyi enerji təhlükəsizliyi mövzusunda iclasda səsləndirib. Nazir çıxışında dünyada təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin artan rolundan bəhs edib. Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət enerji siyasəti, neft-qaz layihələrindən danışıb.

O, 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb.

Energetika naziri deyib: “Cənub Qaz Dəhlizi hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkəsini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, Cənub Qaz Dəhlizinin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək”.

P.Şahbazov, həmçinin fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə danışıb.

Qeyd edək ki, Münxen Təhlükəsizlik konfransı 1963-cü ildən beynəlxalq müzakirə forumu kimi dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.