CƏMİYYƏT
Peşə Reabilitasiya Mərkəzində Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir
Bakı, 5 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Türkiyə Aikido Təşkilatı Dərnəyinin başçısı Engin Ergin və köməkçisi Ercan Aydəmirin iştirakı ilə Aikido - yapon idman növü ilə tanışlıq təlimlərinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, türkiyəli karate ustalarının mərkəzə səfəri “Əngəlsiz Düşüncə” sosial inkişafa yardım İctimai Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı müraciətə əsasən təşkil edilib. Hər iki idmançı sentyabrın 10-dək mərkəzdə qonaq olacaq və təlimlər aparacaq.
Təlimlər zamanı mərkəzdə peşə reabilitasiyası keçən gənclər Aikido barədə məlumatlar əldə edir və öyrənmənin ilkin üsulları ilə tanış olurlar. Məqsəd sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və onlar arasında idman növlərinin təbliği işlərinə dəstək verməkdir.