CƏMİYYƏT


Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunmuş tədbir keçirilib

Bakı, 20 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunmuş tədbir keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi”nin “Milli Qəhrəmanlar haqqında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adı altında təşkil edilib.

Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun ailə üzvləri, döyüş yoldaşları, Milli Paralimpiya Komitəsinin, əlil ictimai birliklərinin nümayəndələri, keçmiş döyüşçülər və başqaları iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Qeyd olunub ki, 1973-cü il iyunun 15-də Qax rayonunun Qaşqaçay kəndində anadan olan C.Rəhimov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələrin vurulmasında igidliyi, şücaətləri ilə seçilib. O, 1992-ci ilin avqustun 6-da hərbi vertolyotla erməni mövqelərinin məhv edilməsi zamanı qəhrəmancasına həlak olub.

Tədbirdə Milli Qəhrəmanın həyatı və şərəfli döyüş yolundan, şücaətlərindən bəhs olunub. Ailə üzvləri, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulayıblar.

“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov bu tədbirin milli qəhrəmanlarımızın daha yaxından tanıdılmasına, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinə xidmət edən layihə çərçivəsində mərkəzdə keçirilən ikinci tədbir olduğunu deyib. O, mərkəzdə digər milli qəhrəmanlarımıza həsr olunmuş tədbirlərin də keçiriləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.