ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzi 5 avtomobil şirkəti ilə əməkdaşlığa başlayıb
Bakı, 22 aprel, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) 5 avtomobil şirkəti ilə anlaşma memorandumu imzalayıb.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2019-2020-ci tədris ilindən etibarən mərkəzdə koreyalı ekspertlər tərəfindən hazırlanmış və milli təhsil sisteminə uyğunlaşdırılmış təhsil proqramları tətbiq olunacaq. Sözügedən proqramlarda səriştə əsaslı təlim və 60-70 faizi praktik məşğələlərə əsaslanan metoda üstünlük verilir.
Qeyd olunan təhsil proqramlarının əmək bazarının dinamik dəyişən tələblərinə uyğunluğunun təmin edilməsi üçün özəl sektor nümayəndələri ilə əməkdaşlıq qurulur və bu əməkdaşlığın tərkib hissəsi kimi tədris proqramlarına dair rəylərin əldə edilməsi nəzərdə tutulur. Bu məqsədlə Sənaye və İnnovasiyalar üzrə BDPTM ilə “Toyota”, “Subaru”, “Mitsubishi”, “Mazda” və “Honda” avtomobil şirkətləri arasında anlaşma memorandumu imzalanıb.