ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzi: “Tikiş ustası, tikişçi” qrupunda inklüziv tədris modeli tətbiq edilir

Bakı, 8 fevral, AZƏRTAC

2018-2019-cu tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində inklüziv tədris modeli əsasında “Tikiş ustası, tikişçi” qrupu açılıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qrupda sağlamlıq imkanları məhdud 5 tələbə də təhsil alır. Nəzərə çatdıraq ki, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramını əsas götürərək sağlamlıq imkanları məhdud uşaqlar daim diqqət mərkəzindədir.

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2017-2018-ci tədris ilindən inklüziv tədris modeli əsasında “Soyuducu qurğuların maşinisti” qrupu yaradılıb. Həmin qrupda sağlamlıq imkanı məhdud olan 9 tələbə təhsil alıb. Hazırda onların 7-si Bakı Çinar Soyuducuları Zavodunda ixtisaslı kadr kimi çalışır.

Xatırladaq ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan rasionallaşdırma prosesinə uyğun olaraq, 4, 14 nömrəli peşə liseyləri və 12 nömrəli peşə məktəbinin bazasında yaradılıb. Mərkəzdə ümumilikdə 800-dən çox tələbə təhsil alır.

Burada beynəlxalq resurs mərkəzləri - Almaniyanın Grohe Akademiyası, Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin “İnova Tədris-Təhsil Mərkəzi” fəaliyyət göstərir. Resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.