ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub
Bakı, 17 aprel, AZƏRTAC
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi peşəyönümü işinin təbliği və təşkili üçün məktəblilərlə görüşlər keçirir.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, peşəyönümü sahəsində maarifləndirmə işi aparmaq məqsədilə müəssisədə “Açıq qapı” günü keçirilib. Orta ümumtəhsil məktəblərindən gələn şagirdlərə mərkəzin maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.