ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzinin məzunları üçün vebinarlar təşkil olunub
Bakı, 3 iyul, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Subaru”, “Honda” və “Mitsubishi” avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzlərinin mütəxəssisləri ilə birlikdə mərkəzin “Avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının məzunları üçün vebinar təşkil edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən keçirilən vebinarların məqsədi qeyd olunan servis mərkəzləri tərəfindən təhsilalanlar üçün seçim meyarları müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən tələbələrə iş imkanları yaratmaqdan ibarət olub.
Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə özəl sektor arasında qurulan əməkdaşlıq çərçivəsində tələbələr üçün daha öncə təcrübə imkanları yaradılıb. Mərkəzin mühəndis–pedaqoji heyəti tədris ili ərzində təhsilalanlarla birlikdə təcrübə proqramı çərçivəsində “Toyota”, “Honda”, “Mazda”, “Mitsubishi” və “Subaru” avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Tələbələrə texniki xidmət mərkəzlərinin yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb və əyani olaraq avadanlıqların iş prinsipləri nümayiş etdirilib. Təcrübə proqramında iştirak edən təhsilalanlar texniki xidmət mərkəzinin ixtisaslı texniki kadrları ilə birlikdə nəqliyyat vasitələrinə texniki xidmət göstəriblər.