ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi: Logistika istiqaməti üzrə keçirilən təlimlər uğurla tamamlanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Logistika istiqaməti üzrə keçirilən təlimlər uğurla tamamlanıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin nəzdində logistika istiqamətində yeni qruplar üzrə keçirilən təlimlər uğurla tamamlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, avqust və sentyabr ayları ərzində anbar operatoru və avtoyükləyici operator ixtisasları üzrə təlimləri uğurla tamamlayan 44 nəfər dövlət nümunəli sertifikatlarla təltif edilib.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev qısamüddətli təlimlərin əhəmiyyətindən və günümüzdəki aktuallığından söz açıb. Agentlik rəhbəri əmək bazarında tələb olunan bilik və bacarıqların sürətlə dəyişdiyi bir dövrdə qısamüddətli öyrənmə imkanlarının yaradılmasının vətəndaşlara əmək bazarının ehtiyacları ilə daha tez ayaqlaşmasına imkan yaratdığını qeyd edib.

Məlumat verilib ki, bu ilin mart ayından başlayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə müxtəlif peşə məktəblərinin nəzdində yeni qısamüddətli təlimlərə başlanılıb. İndiyədək təşkil edilən təlimlər əsasən informasiya və kommunikasiya texnologiyaları, logistika, xidmət, maliyyə, mühasibatlıq və sənaye istiqamətləri üzrə keçirilib. Təlimlərin keçirilməsində məqsəd vətəndaşların, xüsusilə də gənclərin yiyələnmək istədikləri peşə sahələri üzrə ixtisaslaşıb, əmək bazarının dəyişən və artan tələblərinə cavab verən mütəxəssislərə çevrilməsinə dəstək göstərməkdir.

Logistika istiqamətində keçirilən avtoyükləyici operator təlimi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, anbar operatoru təlimi isə Abşeron Logistika Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Hazırda qısamüddətli təlimlər çərçivəsində İKT sahəsində aktuallaşan yeni istiqamətlər üzrə “Oyun yaradılması”, “UI/UX”, “SQL” və bu kimi təlimlər də keçirilir. Həmçinin bu ilin sonunadək əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni qısamüddətli təlimlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.