ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi “Regional innovativ turizm məhsulu” proqramına qoşulub

Bakı, 22 iyul, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Regional innovativ turizm məhsulu” (RİTM) proqramı çərçivəsində Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başlayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət Turizm Agentliyi tərəfindən təqdim olunan layihənin əsas məqsədi regionlarda turizm və qonaqpərvərlik sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, eyni zamanda, adıçəkilən sahələrdə yerli sakinlər üçün məşğulluq imkanları yaratmaqdan ibarətdir.

Regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsini təmin edən layihədə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Şəki, Qəbələ, İsmayıllı dövlət peşə təhsil mərkəzləri iştirak edir. Sözügedən peşə təhsil müəssisələrindən olan iştirakçılar ideyalarını “ritm.tourismboard.az” rəsmi səhifəsi vasitəsilə qeydiyyatdan keçərək təqdim edəcəklər. Layihə üzrə ideyaların qəbulu avqustun 6-dək aparılacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yanaşı, RİTM proqramına tərəfdaş qismində qatılan şirkətlər arasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) da yer alır.

Qeyd edək ki, RİTM regional sahibkarlıq proqramı turizm sahəsi üzrə investorları və informasiya texnologiyaları mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.