ELM VƏ TƏHSİL
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışı olub VİDEO
Bakı, 12 may, Maqsud Dadaşov, AZƏRTAC
Mayın 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar agentliyin yeni binasında yaradılan şəraitlə tanış olublar.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulan məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə peşə təhsilinin inkişafı istiqamətində görülmüş işlərdən söz açan təhsil naziri bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının bunun parlaq nümunəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlətimizin başçısının müvafiq Fərmanına uyğun olaraq peşə təhsilinin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşib və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunub. Bir il əvvəl yaradılmış agentliyin qarşısında duran vəzifələr bu gün Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlara, ölkə iqtisadiyyatının, strukturunun möhkəmlənməsinə, təkmilləşməsinə xidmət edir. Qurum yarandığı gündən etibarən bir sıra mühüm işlər həyata keçirib. M.Cabbarov deyib: “Təhsil müəssisələrinin optimallaşması, birləşməsi, onların tədris proqramlarının məzmununa, peşə standartlarına yenidən baxılması, özəl sektorla əməkdaşlığın genişləndirilməsi və digər məsələlər bu tədbirlərə daxildir. Artıq özəl kapitalın, sərmayələrin iştirakı ilə fəaliyyət göstərən peşə təhsili müəssisələri də var. Son dövrdə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir edilib, yenidən tikilib. Bu yaxınlarda Qəbələdə peşə təhsili müəssisənin açılışı planlaşdırılır. Bakı və Gəncə şəhərində əsaslı təmirdən sonra peşə məktəblərinin fəaliyyətinin davam etdirilməsi və genişləndirilməsi həyata keçirilib. Müvafiq məktəblərin fəaliyyəti, agentliyin planlaşdırdığı işlər iqtisadi proqnozlara, əmək bazarının dəyişən tələblərinə əsaslanaraq həyata keçirilməlidir. Bu istiqamətdə əlavə tədbirlərin də görülməsi nəzərdə tutulub”.
M.Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından yeni inzibati binanın açılışı əlamətdar hadisədir. Agentliyin işinə verilən qiymət daha böyük məsuliyyətlə çalışmağımıza təkan verəcək. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.