CƏMİYYƏT
Peşə hazırlığı ilə əlaqədar hər il təxminən 4 minə yaxın gənc kurslara cəlb edilir
Bakı, 16 aprel, AZƏRTAC
Peşə hazırlığı ilə əlaqədar hər il təxminən 4 minə yaxın gənci kurslara cəlb edirik. Ötən il 130 minə yaxın gəncə peşə xidməti məsləhəti verilib və onların əmək bazarına daxil olması üçün kömək göstərilib. Bu il də təxminən həmin sayda gəncin əmək bazarına daxil olması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən dördüncü təlim kursunun başlanılması ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
Təlim kursu Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində keçirilir.
Anar Əliyev gənclərin məşğulluğu ilə əlaqədar görülən tədbirlər barədə danışaraq deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial inkişaf və əhalinin sosial müdafiəsi ilə əlaqədar ciddi islahatlar paketi həyata keçirilir. Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə gənclərin məşğulluğu ilə əlaqədar xüsusi təlim kursu da həmin silsilədən olan növbəti bir tədbirdir. Ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və gənclərin məşğulluğu ilə əlaqədar ardıcıl tədbirlər görülür. Həmin tədbirlər yeni iş yerlərinin yaradılması, gənclərin biznes ideyalarının və özünüməşğulluğunun təmin edilməsi, Dövlət Məşğulluq Xidməti tərəfindən müasir dünyada rəqabətədavamlı təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə keçirilir, peşə hazırlığı kursları təşkil edilir və gənclər həmin kurslara cəlb olunur”.