CƏMİYYƏT
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
Bakı, 19 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş GIZ-in “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı”nın “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində keçirilib. Görüş zamanı işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili sahəsində aparılan işlər diqqətə çatdırılıb. Həmçinin peşə hazırlığı sahəsində Almaniya təcrübəsi barədə məlumat verilib. Müvafiq layihə çərçivəsində işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkil edilməsi məsələləri müzakirə olunub.
GIZ tərəfindən ötən il ərzində iqtisadiyyatın kənd təsərrüfatı və turizm sahələri üzrə hazırlanmış 6 modul təlim proqramı üzrə peşə hazırlığı kursları müəllimlərinin təliminin təşkili və bu il ərzində kənd təsərrüfatı üzrə daha 4 modul təlim proqramının hazırlanması nəzərdə tutulur.