ELM VƏ TƏHSİL
Peşə-ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı səkkiz mini keçib
Bakı, 18 avqust, AZƏRTAC
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən indiyədək 8160 nəfər qeydiyyatdan keçib. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad və Qəbələ üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin təhsil müəssisələri tərəfindən həyata keçirilir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.
İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti altıaylıq, birillik, ikiillik və üçillik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti üçillik olan proqramlar üzrə seçimdə yalnız son iki ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda, təhsil müddəti bir (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya ikiillik proqramlar üzrə də seçimdə iştirak edə bilər.
Sənəd qəbulu avqustun 22-dək davam edəcək.
Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.