ELM VƏ TƏHSİL


Peşə məktəblərinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müraciətin müddəti uzadılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Çoxsaylı müraciətlər nəzərə alınaraq 2021/2022-ci il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə məktəblərinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu prosesinin qeydiyyat mərhələsi sentyabrın 21-dək uzadılıb.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər sentyabrın 21-i saat 23:59-dək https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Qeyd edək ki, peşə məktəblərinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:

- İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

- İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Vakant yerlərin siyahısı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.