ELM VƏ TƏHSİL


Peşə məktəblərinə qəbulun nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırır

Bakı, 25 sentyabr, AZƏRTAC

Peşə təhsil müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırır.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, komissiya apelyasiya müraciətlərinə baxılması üçün bu gün saat 18:00-dək fəaliyyət göstərəcək.

Apelyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya daha öncə müraciət etməyən şəxslər qatıla bilərlər. Daha öncə hər hansı peşə təhsili müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə müraciət edə bilməzlər.

Vətəndaş “Şəxsi kabinet”inə daxil olmalı, “Apelyasiyaya müraciət et” hissəsində görüş üçün vaxt götürməlidir. Həmçinin nəzərə alınmalıdır ki, görüş vaxtı 30 dəqiqəlik intervalla bölünüb və hər intervalda say limiti qoyulub. Limit dolduqdan sonra həmin yeri seçmək mümkün deyil. Vətəndaş vaxt seçib təsdiqlədikdən sonra onun apelyasiya müraciəti qəbul edilir və qeyd etdiyi vaxtda onunla onlayn görüş təşkil olunur. Müraciət edən şəxs mütləq şəkildə onunla təyin edilən görüş vaxtı “Şəxsi kabinet”inə daxil olmalı, orada göstərilən görüş linkinə keçid etməlidir. Qeyd edilən intervalda görüş linkinə daxil olmayan şəxslərin müraciəti “apelyasiyada iştirak etmədi” kimi nəzərə alınacaq və onlara yenidən müraciət etmələri üçün əlavə şərait yaradılmayacaq.

Apelyasiyaya müraciət zamanı qeyd olunan qaydalara əməl olunmalıdır:

-Şəxsi kabinetdən görüş tarixi seçilməlidir;

-Seçilən görüş intervalında vətəndaş kompüter qarşısında olmalı və şəxsi kabinetindəki görüş linkinə daxil olmalıdır;

-Görüşdə müraciət edən şəxsən iştirak etməlidir;

-Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və attestatın əsli yanında olmalıdır;

-Görüşdə vətəndaşın müraciəti dinləniləcək və müvafiq dəstək göstəriləcək;

-Müraciət üçün Agentliyə yaxınlaşmağa ehtiyac yoxdur.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-dan 24-dək, boş qalmış yerlər üzrə II mərhələsi isə sentyabrın 4-dən 14-dək elektron qaydada həyata keçirilib. Sistemdə ümumilikdə 20 min 144 nəfər qeydiyyatdan keçib, onların 19 min 128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014 şəxs, ümumilikdə isə 14950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.