ELM VƏ TƏHSİL


Peşə tədrisi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin II mərhələsinə başlanılır

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 27-dən yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılır.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 1-dək davam edəcək müsahibə mərhələsi onlayn qaydada təşkil olunacaq.

Müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə qeydə alınan 1773 müraciətçidən 136 nəfəri növbəti mərhələyə keçib. Onlarla anketdə qeyd edilən elektron poçt ünvanı və SMS vasitəsilə əlaqə saxlanılıb. Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə aparılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil ediləcək. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcək.

Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

-Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;

-Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak;

-Rəqabətədavamlı əməkhaqqı;

-Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.

Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.