ELM VƏ TƏHSİL
Peşə təhsil müəssisələri üçün Çindən gətirilmiş avadanlıqların təqdimatı olub
Bakı, 22 noyabr, P.İmanova, AZƏRTAC
Noyabrın 22-də Abşeron Binə Peşə Liseyində Çin Xalq Respublikası Hökuməti tərəfindən həyata keçirilən “Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini İdris İsayev hazırda ölkəmizdə peşə təhsili sahəsində həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, respublikamızda hər zaman peşə təhsili sisteminin inkişafı diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yüz mindən çox tələbəsi olan iki yüzə yaxın peşə təhsili müəssisəsi fəaliyyət göstərib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə peşə təhsili sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi və genişləndirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsili ilə bağlı xüsusi müddəalar öz əksini tapıb, həmçinin 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, 2018-ci ilin aprelində ”Peşə təhsili haqqında” qanun qəbul edilib.
Ölkəmizdə bu sahəyə marağın ilbəil daha da artdığını bildirən İ.İsayev hazırda peşə təhsili müəssisələrində 23 minə yaxın tələbənin təhsil aldığını, 5 mindən çox pedaqoji və texniki işçinin çalışdığını söyləyib. Qeyd edilib ki, hazırda peşə təhsili sahəsində ölkəmizdə məqsədyönlü işlər həyat keçirilir. Aparılan uğurlu islahatlar nəticəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 müasir peşə təhsili mərkəzi yaradılıb.
Layihə haqqında məlumat verən nazir müavini bildirib ki, Azərbaycan və Çin hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində müxtəlif kateqoriyalı avtonəqliyyat vasitələrinin sürücülərinin hazırlığını və ixtisasartırmasını həyata keçirmək üçün 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim sistemləri üzrə avadanlıqlar, iş masaları, mexanizmlər, alətlər və digər ləvazimatlar ölkəmizə gətirilib. Bu avadanlıqlar Abşeron Binə Peşə Liseyində, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.
İ.İsayev peşə təhsili sahəsində göstərdiyi dəstəyə görə Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuaya minnətdarlığını bildirərək birgə əməkdaşlığın gələcəkdə yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Vey Cinxua son dövrlərdə Azərbaycanda müxtəlif sahələrdə, eləcə də peşə təhsili sahəsində görülən işləri yüksək dəyərləndirib. Səfir, həmçinin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi arasında texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təhvil-təslim aktı imzalanıb.
Sonra tədbir iştirakçıları avadanlıqlarla tanış olublar.