ELM VƏ TƏHSİL
Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Bakı, 28 iyun, AZƏRTAC
2022/2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi işləmək istəyənlər iyunun 28-dən iyulun 13-dək https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. İyulun 20-dək ərizələri təsdiq edilən namizədlər avqustun 1-də baş tutacaq qanunvericilik və məntiqə aid suallardan ibarət imtahanda iştirak edəcəklər. Müsabiqənin nəticələrinə uyğun olaraq seçilənlərin vakant yerlərə yerləşdirilməsi isə elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Peşə təhsili müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir:
Direktor - ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;
Direktor müavinləri – ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.