ELM VƏ TƏHSİL


Peşə təhsili alan ən gənc və ən yaşlı tələbələr: Öz brendimi yaratmaq istəyirəm

Bakı, 1 oktyabr, AZƏRTAC

Ölkəmizdə 75 peşə təhsili müəssisəsində 127 ixtisas üzrə 28 min 480 tələbə təhsil alır.

AZƏRTAC bu il peşə təhsilinə qəbul olan ən yaşlı və ən gənc tələbələrlə həmsöhbət olub.

Xalidə İbadova peşə təhsilinə qəbul olan ən yaşlı tələbədir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq üzrə təhsil alır. Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almış 50 yaşlı müsahibimiz ixtisasca Azərbaycan və rus dilləri müəllimi olsa da, aşpazlığa olan marağı onu peşə təhsili almağa sövq edib: “Otuz ilə yaxındır bu sahədəyəm. Orta məktəbdə müəllimliyə başladım, daha sonra tədris kurslarında işlədim, evdə də repetitorluqla məşğulam. Hazırda bu işimi davam etdirirəm. Yemək bişirmək bacarığım yaxşı olduğu üçün daha da inkişaf etdirmək istədim. Sosial şəbəkədə elanı gördüm, maraqlandım. Öyrəndim ki, təhsili bitirən tələbələr işlə təmin olunurlar. Müraciət etdim. Qeydiyyata düşdüm, indi oxuyuram”.

Xalidə İbadova təhsilini başa vurduqdan sonra bu sahədə ixtisaslaşmaq, şəxsi biznesini qurmaq arzusundadır: “Oxuduğum peşənin təhsil haqqı 650 manatdır, amma mən imtiyazlı təbəqəyə aid olduğum üçün ödənişdən azadam. Qrup yoldaşlarımla yaş fərqimiz olsa da, çox səmimi, mehribanıq. Oxuduqca uşaqlığıma qayıdıram. Qeyd edim ki, mən həm də kursda tibb təhsili almışam. Ümumiyyətlə, özümü inkişaf etdirməyi sevirəm. Peşə təhsilimi başa vurduqdan sonra öz restoranımı açmaq istəyirəm”.

Peşə təhsilinə qəbul olan ən gənc həmsöhbətimiz isə Ramal Məhərrəmovdur. O, Cəbrayıl rayon Hafiz Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbinin doqquzuncu sinif məzunudur. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində geyim üzrə dizaynerlik təhsili alır. Ramal deyir ki, kiçik yaşlarından ağac budaqları, kibrit və məişət çöplərindən fiqurlar, əşyalar hazırlayır: “Əvvəlcə eskizlər çəkirəm, sonra isə yapışqan vasitəsilə çöpləri bir-birinə bərkidirəm. Qarşıma müəyyən çətinliklər çıxırdı. Düşündüm ki, bu işi uğurla davam etdirmək istəyirəmsə professional təhsil almalıyam. Bu məqsədlə elektron qeydiyyatdan keçib peşə məktəbinə qəbul olundum”.

Dövlət büdcəsi vəsaiti hesabına təhsil alan 15 yaşlı müsahibimiz uğurlu karyera qurmağı hədəfləyir: “Həftəiçi 4 gün nəzəri, 1 gün isə praktiki dərslərimiz olur. Təhsilimi bitirdikdən sonra attestat və diplom alacağam. Dərslərimi əla qiymətlərlə oxuyub yüksək təqaüd almaq istəyirəm. İstehsalat təcrübəmiz Bakı Tikiş Evi və şəhərimizdə fəaliyyət göstərən moda evlərində keçiriləcək. Gələcəkdə öz brendimi yaratmaq, uğurlu karyera qurmaq istəyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.