ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin sayı xeyli artıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Bilik günü münasibətilə tədbir keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris ilinin başlanması münasibətilə mərkəzin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə peşə təhsilinin prioritet sahələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini qeyd edib ki, son illər bu sahədə bir çox uğurlu layihələr həyata keçirilib. Görülən işlərin, həyata keçirilən layihələrin nəticəsidir ki, peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin sayı xeyli artıb. Peşə seçiminin əhəmiyyətini vurğulayan nazir müavini şagirdlərə dövlətimizin onlar üçün yaratdığı şəraitdən maksimum istifadə etməyi, seçdikləri peşənin ən yaxşı mütəxəssisi olmağı tövsiyə edib.
Tədbirdə Bakı Dövlət Peşə Təhsili Mərkəzi barədə də məlumat verilib. Mərkəzin direktoru Pərviz Həmzəyev bildirib ki, bu il “Asan peşə” layihəsi çərçivəsində mərkəzə 23 ixtisas üzrə 500-dən çox şagird qəbul edilib.
Sonra F.Qurbanov mərkəzdə yaradılan şəraitlə tanış olub.