Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçirilib
AzerTAg.az
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də 2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçmiş 581 nəfərdən 478-i müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda 296 nəfər direktor, 182 nəfər isə direktor müavini vakant vəzifəsini seçən namizəd iştirak edib.
Doxsan dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar. İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub. Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.





Xəbərin mətnində orfoqrafik səhv var