ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı ilk 5 günün statistikası açıqlanıb

Bakı, 6 avqust, AZƏRTAC

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı ilk 5 günün statistikası açıqlanıb.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu günədək peşə təhsili müəssisələrinə qəbulla bağlı 10 min 800 müraciət olunub.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna avqustun 1-də start verilib. Sənəd qəbulu avqustun 12-dək “portal.edu.az” platformasında aparılacaq. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer ayrılıb.

Qeydiyyatdan keçmiş abituriyentlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin sms vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim etmək üçün dəvət olunacaqlar.

Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:

-Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);

-Təhsil haqqında sənəd (attestat);

-Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.

Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

- I, II və III dərəcə əlilliyi olan şəxslər;

- şəhid ailəsinin üzvləri;

- 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.