ELM VƏ TƏHSİL


Peşə təhsili sahəsi üzrə yeni dərs ilində qarşıda duran vəzifələrin müzakirəsi aparılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də “Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsinin məqsədi peşə təhsili sahəsində yeniliklər və yeni dərs ilində qarşıda duran vəzifələrin müzakirəsi olub.

Konfransa Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, peşə təhsili müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar tərəfindən peşə təhsili sahəsində həyata keçirilən layihələrin iştirakçıları qatılıblar.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Amil Əlili dövlətimizin başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, müvafiq istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. O, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının və "Peşə təhsili haqqında" Qanunun qəbul edilməsinin bu sahənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Həmçinin əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyi vurğulanıb.

Yeni tədris ilində qarşıda duran məqsəd və vəzifələri xüsusi qeyd edən Amil Əlili iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə peşə təhsilində normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, yeni kurikulumların tətbiqi, dayanıqlı və çoxmənbəli maliyyələşdirmənin formalaşdırılması, peşə təhsili sahəsində həyata keçirilən layihələrin əsas istiqamətləri barədə məruzələr dinlənilib.

Sonda qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə icra etmək, mövcud problem və nöqsanları aradan qaldırmaq üçün peşə təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.