ELM VƏ TƏHSİL
Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilib
Bakı, 13 fevral, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin və peşə təhsili müəssisələrinin nümayəndələri “British Council” təşkilatının dəstəyi ilə Londonda təlim səfərində olublar.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Böyük Britaniyada “Capital City Colleges Group”un təşkilatçılığı ilə peşə təhsili, milli ixtisaslaşma sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarə edilməsi, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübə öyrənilib, sahə səfərləri təşkil edilib. Həmçinin peşə təhsil sistemindəki islahatların öyrənilməsi və qarşılıqlı əməkdaşlığın müzakirəsi məqsədilə Birləşmiş Krallığın Təhsil Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.
Qeyd edək ki, “Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.