ELM VƏ TƏHSİL
Peşə təhsili sistemində “Pedaqogika və didaktika” mövzusunda təlimlərin birinci mərhələsi yekunlaşıb
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi “Pedaqogika və didaktika” mövzusunda təlimlərin 3 gün davam edən birinci mərhələsi yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimlər GIZ-in icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi çərçivəsində keçirilib.
Təlimin ilk günündə almaniyalı professor Gebhard Hafer duala bənzər peşə təhsili və təlimi ideyası ilə tanışlıq, işəgötürənlərlə yaradılan əməkdaşlıq, tələbələrin şirkətlərdə istehsalat təcrübəsinə cəlb edilməsi, şirkət daxilində təlimlərin təşkili haqqında məlumatlar verib.
İkinci gün praktikaya əsaslanan təhsil, fəaliyyətlərin öyrənilməsi üsullarından danışılıb, qrup müzakirələri təşkil edilib.
Təlimin sonuncu günündə iştirakçılar peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əlaqələrin yaradılması və idarə olunması haqqında məlumatlandırılıb, bununla bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində GIZ tərəfindən icra olunur.