ELM VƏ TƏHSİL
Peşə təhsili və təlimi sahəsində görülən işlər və əldə olunmuş nailiyyətlər barədə müzakirələr aparılıb YENİLƏNİB
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 10-da “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində görülən işlərə və əldə edilmiş nailiyyətlərə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi peşə təhsili və təlimi sahəsində fəaliyyət göstərən maraqlı tərəfləri layihənin əldə etdiyi nəticələr, qazanılan təcrübə və öyrənilən dərslər barədə məlumatlandırmaqdır. Həmçinin vacib tərəfdaşların layihənin icrasına davamlı dəstəklərinin təmin edilməsi barədə müzakirə aparmaqdır.
Konfransı açan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas son dövrlərdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin Azərbaycan iqtisadiyyatında prioritet olması ilə əlaqədar peşə təhsilinə olan diqqətin artırıldığını bildirib. Qeyd edib ki, yerli və dünya bazarında davamlılığı təmin etmək üçün ixtisaslı kadrlara, yüksək hazırlıqlı əmək qüvvəsinə ehtiyac var: “Bu ehtiyacı təmin etmək üçün peşə təhsilinə maraq artırılmalıdır. Peşə təhsilinə yönələnlər bilməlidirlər ki, əmək bazarında onlara ehtiyac var”.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr haqqında məlumat verib. Qeyd edib ki, cəmiyyət 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. O dövrə nəzər saldıqda bu gün ölkədə peşə təhsili sahəsində mühüm addımlar atılıb. Biz də bu sahəyə töhfə vermək üçün səylə çalışır, Almaniyanın duala bənzər peşə təhsilini Azərbaycanda pilot peşə məktəblərində tətbiq edirik. İnanıram ki, Azərbaycanda həm milli, həm də beynəlxalq səviyyədə əmək bazarını, özəl sektoru ixtisaslı kadrlarla təmin edəcəyik.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili ölkədə peşə təhsili sahəsində aparılan islahatlardan danışıb. O bildirib ki, Azərbaycanda peşə təhsili yeni mərhələyə qədəm qoyub. 2016-cı ildə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Dövlət səviyyəsində aparılan islahatlar bu sahədə olan boşluqları aradan qaldırıb.
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinin rəhbəri Yuliya Bajenova diqqətə çatdırıb ki, layihə Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsili müəssisəsində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir. Dual peşə təhsili və təlimi özəl sektorun kadr hazırlığı prosesində fəal iştirakına əsaslanır. Təlim prosesində effektivliyi təmin etmək üçün özəl sektor təlimin planlaşdırılmasına, idarə edilməsinə, icra olunmasına və keyfiyyətə nəzarət mərhələsinə cəlb olunur.
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinin ekspertləri Səbinə Ədilova və Məhəmməd Məmişzadə görülmüş işlər, pilot peşə təhsili müəssisələri üçün hazırlanan strateji inkişaf planları, layihə müddətində özəl sektorla duala bənzər peşə təhsili və təlimi üzrə qurulan əməkdaşlıq, tələblər üçün təşkil olunan istehsalat təlimi və təcrübəsi, uzun və qısa müddətli təlimlər, pilot peşə təhsili müəssisələrinin rəhbər və mühəndis-pedaqoji heyəti, eləcə də müəssisədaxili təlimçilər üçün təşkil olunan təlimlər və digər fəaliyyətlər çərçivəsində əldə edilən təcrübə və öyrənilən dərslər barədə iştirakçıları məlumatlandırıblar.
Sonda pilot peşə təhsili müəssisələrinin və əməkdaşlıq edilən müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. Konfrans iştirakçıları maraqlı tərəflərin layihənin icrasına davamlı dəstəyini təmin etmək, layihənin təqdim etdiyi yanaşma və təcrübənin gələcəkdə digər peşə təhsili müəssislərində tətbiq etmək barədə müzakirə aparıblar.