ELM VƏ TƏHSİL


Peşə təmayüllü siniflərin fəaliyyəti müzakirə olunub

Bakı, 18 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva peşə təmayüllü siniflərin yaradıldığı ümumi təhsil müəssisələrinin direktorları ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, idarə müdiri peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədinin ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarət olduğunu qeyd edib. M.Vəliyeva təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsinin də əsas hədəflərdən biri olduğunu bildirib.

M.Vəliyeva məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara kömək göstərilməsi, həmçinin şagirdləri yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltməklə bağlı valideynlərin məlumatlandırılması barədə tövsiyələrini səsləndirib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində (117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblər) peşə təmayüllü siniflər yaradılıb. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə müvafiq tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.