İQTİSADİYYAT


“Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin yeni versiyası təqdim olunub

Auditorlar Palatası Gürcüstanın Mühasibat uçotu, hesabatlılıq və audit xidməti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 13 dekabr, AZƏRTAC

Auditorlar Palatası “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin (Beynəlxalq Müstəqil Standartları ilə birlikdə) iyunun 15-dən qüvvəyə minmiş yeni versiyasını Azərbaycan dilində nəşr etdirib.

AZƏRTAC xəbər verir ki, dekabrın 13-də yeni versiyanın təqdimat mərasimində Auditorlar Palatasının sədri, professor Vahid Novruzov “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”nin bu peşənin ictimai maraqlar üzrə məsuliyyətini əks etdirən peşəkar mühasiblik üçün peşə etikasının fundamental prinsiplərini müəyyənləşdirdiyini qeyd edib. Bildirib ki, bu prinsiplər peşəkar mühasibdən gözlənilən davranış standartını müəyyən edir. Fundamental prinsiplərə tamlıq, obyektivlik, peşəkar səriştə və müvafiq yanaşma, məxfilik və peşəkar davranış daxildir. Məcəllə peşəkar mühasibdən fundamental prinsiplərə əməl olunmama ilə əlaqəli potensial təhlükələrin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onlara qarşı müvafiq tədbirlərin görülməsini tələb edən konseptual əsasları yaradır. Konseptual əsaslar bu məcəllənin etik tələblərinə əməl etməkdə və ictimai maraqlar naminə fəaliyyət göstərmək məsuliyyətini yerinə yetirməkdə peşəkar mühasiblərə kömək edir.

Audit, təhlil və digər təminat tapşırıqları üçün məcəllə bu tapşırıqlarla bağlı müstəqilliyə təhlükələr üzrə konseptual əsasların tətbiqi ilə müəyyən edilmiş Beynəlxalq Müstəqillik Standartlarını müəyyən edir.

Palata sədri bildirib ki, məcəllənin adı 2016-cı il versiyasına nisbətən genişləndirilib və “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” ifadəsinə etika məfhumunun müstəqillik məsələlərini ehtiva etdiyini göstərən “Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə” sözləri əlavə olunub. Əvvəlki məcəllələrdən fərqli olaraq yeni qüvvəyə minən məcəllə nəzərdə tutulmuş müddəaların icra edilməsinin məcburiliyini ön plana çəkib. Məcəllənin yeni konsepsiyası dünyada müşahidə olunan ictimai etimadın azalması prosesinin qarşısının alınmasında böyük ümidlər doğurur.

Auditorlar Palatasının sədri deyib: “Bu problem bizim ölkəmiz üçün də çox aktualdır. Belə ki, apardığımız sorğunun nəticələri Azərbaycan auditolarına etimadın çox da yüksək olmadığını göstərir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolunun getdikcə artdığını göstərməklə bərabər, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirməyi bir vəzifə olaraq qarşımızda qoyub”.

Azərbaycan İqtisadçılar İttifaqının prezidenti, akademik Ziyad Səmədzadə, Gürcüstanın Mühasibat uçotu, hesabatlılıq və audit xidmətinin rəhbəri Yuri Dolidze, AMEA-nın müxbir üzvü Akif Musayev, Auditorlar Palatasının Aparat rəhbəri Qəşəm Bayramov, komitə sədri Nəcəf Talıbov və digər çıxış edənlər məcəllənin auditor və mühasib peşələrinin inkişafında müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda Auditorlar Palatası ilə Gürcüstanın Mühasibat uçotu, hesabatlılıq və audit xidməti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Auditorlar Palatasının sədri Vahid Novruzov və Gürcüstanın Mühasibat uçotu, hesabatlılıq və audit xidmətinin rəhbəri Yuri Dolidze imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.