ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə

Bakı, 23 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (RMS) üzrə imtahanlar təşkil edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün keçiriləcək:

- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla DİM-in saytındakı linkə daxil olaraq tanış ola bilərlər. İmtahanlar 2 mərhələ üzrə keçiriləcək. Birinci mərhələ mühasibat uçotu, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edəcək.

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədilə imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcək.

İlkin olaraq, sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçiriləcək. Sınaq imtahanı ödənişlidir, iştirak haqqı 40 AZN-dir. İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək. Sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 22-dən fevralın 8-dək DİM-in internet səhifəsində aparılacaq.

Namizədlər DİM-in rəsmi internet səhifəsində verilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Sınaq imtahanı fevralın 21-də keçiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq – distant videomüşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaq.

İmtahan kompüter vasitəsilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz).

İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahanın hansı formada keçirilməsi barədə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.