ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı almaq istəyənlər sabah imtahan verəcəklər

Bakı, 7 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 8-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb. İmtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçıları kitabça ilə mütləq tanış olmalıdırlar. Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.