ELM VƏ TƏHSİL
Peşəkar mühasib sertifikatının verilməsi üçün keçiriləcək imtahanlara hazırlıq məqsədilə seminar təşkil olunub
Bakı, 21 yanvar, AZƏRTAC
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Mərkəzdə PMS üzrə imtahanlarla bağlı yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin dövlət qulluğu üzrə sektorunun təşkilatçılığı ilə seminar-iclas keçirilib. Ekspertlərə imtahanlarda istifadə olunacaq qiymətləndirmə alətləri və onların tərtibi qaydası barədə müəyyən məlumatlar verilib. Daha sonra test banklarının formalaşdırılması üçün imtahanlarda yoxlanılacaq bilik sahələrinin proqramlarının hazırlanması məsələsi müzakirə olunub, bu barədə ekspertlərin təklifləri dinlənilib, Maliyyə Nazirliyi və DİM tərəfindən ekspertlərin iştirakı ilə proqramların hazırlanması barədə qərar qəbul olunub. Eyni zamanda, PMS üzrə imtahanların keçirilməsinə hazırlıq məqsədilə seminarların mütəmadi olaraq davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, PMS-in verilməsi üçün imtahanlar iki mərhələdə keçiriləcək. Birinci mərhələdə mühasibat uçotu, ikinci mərhələdə isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə tapşırıqlar olacaq. Uğur qazanmış namizədlərə imtahanların nəticəsindən asılı olaraq aşağıda qeyd edilən sertifikatlar veriləcək:
1.Kiçik və orta sahibkarliq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
2. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
3. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I səviyyə PMS;
4. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – II səviyyə PMS.