ELM VƏ TƏHSİL
“Peşəkar ol” layihəsi üzrə təlimlərdə iştirak etmək üçün qeydiyyat başlanır
Bakı, 6 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Peşəkar ol” layihəsi üzrə təlimlərdə iştirak etmək üçün qeydiyyata başlayır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 12 akademik saatı əhatə edən təlimlər pedaqoji fakültələrdə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar üçün nəzərdə tutulub.
Təlim zamanı iştirakçılar “Müasir təhsilin fəlsəfəsi”, “Sinfin idarə edilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı”, “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”, “Müəllimlərin işə qəbulu prosesi haqqında” və “Fənn kurikulumlarının xüsusiyyətləri” mövzularında məlumatlandırılacaq.
Layihənin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, onlarda qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir. Təlimi bitirən iştirakçılara Təhsil İnstitutu tərəfindən sertifikatlar veriləcək. Müraciətlər mayın 10-dək qəbul olunur.
Təlimin başlanma vaxtı tələbələrlə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.