REGİONLAR


Peşəsinin ağırlığından qorxmayan qalayçı xanım VİDEO

Ağstafa, 25 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Qalayçı peşəsi min illərdir ki, nəsildən-nəslə ötürülərək dövrümüzədək gəlib çatıb. Bu peşəni bacaran bir çox yerli usta da var. Lakin onların arasında qalayçı xanıma çox nadir hallarda rast gəlinir.

AZƏRTAC xəbər verir ki, qalayçılıq ağır və fiziki güc tələb edən peşədir. Nadir hallarda bu peşədə zərif cinsin nümayəndəsinin çalışdığını da görmək olar. Ağstafa rayon sakini Aynur Bayramova az sayda olan qalayçı xanımlardan biridir. Baxmayaraq ki, ağır işdir, o, çəkinmədən bu peşəni davam etdirir.

Aynur Bayramova deyir ki, həyat yoldaşı və oğlu da bu sahədə işləyir. Peşə ona maraqlı gəldiyindən bu işi öyrənmək qərarına gəlib. O, işinin öhdəsindən uğurla gəlir.

“Bu iş çox çətindir. Həm ev, həm də iş qadın üçün çox çətinlik yaradır. Amma işimi elə tənzimlədim ki, bu peşənin də öhdəsindən gəlməyi bacardım. Çox vaxt ev işləri ilə qızlarım məşğul olurlar, mən də özümə aid işi görüb, yoldaşıma kömək etməyə çalışıram. Hazırda maşınların xarab olmuş radiatorlarını, mis qazanları, əlvan metalların hər birini, samovar və digərlərinin çatlamış hissələrini təmir edir, həm də qalaylayıram”, - deyə Aynur Bayramova bildirib.

Bu işlərdə ona oğlu da yaxından kömək edir. Səhər saatlarından Günəş batana qədər işinin başında olur.

Əvvəllər ona müraciət edənlər qalayçının xanım olduğunu gördükdə müəyyən qədər tərəddüd etsələr də, indi tam fərqli vəziyyətdir. Problemli radiator, samovar və digər təmirə ehtiyacı olan avadanlıq və alətləri, həmçinin məişət əşyalarını məhz Aynur xanıma düzəltdirməyə çalışırlar.

Aynur Bayramova övladlarının tərbiyəsini, ev işlərini də unutmur, bununla yanaşı, sevdiyi sənəti də davam etdirir. Deyir ki, xammal tapmaqda çətinliklə üzləşir. Bu da bəzi problemlər yaradır. Lakin çətinliklərin öhdəsindən gələrək müraciət edənlərin problemlərini həll edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.