ELM VƏ TƏHSİL
Peşəyönümlü təhsil məktəblilərin təlim-tərbiyə işlərində mühüm yer tutur
Bakı, 28 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təhsildən peşəyə" adlı tədbir keçirilib.
YAP Pirallahı rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, 168 nömrəli orta məktəbdə keçirilən tədbirdə Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və müəllimləri, ziyalılar iştirak ediblər.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, peşəyönümlü təhsil gənc nəslin təlim-tərbiyə işlərində mühüm yer tutur, yeniyetmə və gənclərə qabiliyyət və bacarıqlarına uyğun peşə və ixtisas seçmələrinə kömək edir: "Uşaqların elm öyrənməsi, sənət seçməsi, hər hansı peşənin sirlərinə yiyələnməsi gələcəkdə onların formalaşmasında xüsusi yer tutur. Yeniyetməlik dövründə düzgün seçilməyən sənət insana bütün ömrü boyu öz mənfi təsirini göstərir".
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov isə qeyd edib ki, hər bir gənc böyük uğurlar əldə etməyə çalışmalı və seçdiyi peşə ilə gələcək karyerasını qurmalıdır. Gələcəkdə cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında daha fəal iştirak etməlidir.
Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili rəhbəri olduğu qurumun fəaliyyətindən bəhs edib.
İbtidai sinif şagirdlərinin ifasında peşələrlə bağlı nümayiş olunan musiqili kompozisiya, yuxarı sinif şagirdlərinin peşə seçimi ilə bağlı kulturoloq Fuad Məmmədovla dialoqları və keçirilən test tədbir iştirakçılarının böyük marağına səbəb olub.