REGİONLAR
Peşəyönümü məşğələlərin təşkili diqqət mərkəzində saxlanılır
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq, ümumtəhsil məktəblərində peşəyönümü məşğələlər təşkil edilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ümumtəhsil məktəblərinin IX, X və XI siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbləri əsasında bilik və bacarıqlarına uyğun peşə və ixtisas barədə məlumatlar verilir, onlara gələcək peşə seçimində köməklik göstərilir. Bu il ərzində artıq 4782 şagird peşəyönümü məşğələlərə cəlb olunub.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdləri də peşəyönümlü məşğələlərə cəlb edilib, onlara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında məsləhət xarakterli məlumatlar verilib. Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan təlim proqramına uyğun olaraq, peşəyönümü məşğələlərinin peşə seçimində rolu və əhəmiyyəti, peşə seçimində “səkkiz bucaq situasiyası”, məşhur peşələrin xüsusiyyətləri ilə bağlı mövzular ətrafında elektron lövhədə slaydlar və videomateriallar nümayiş etdirilib, iştirakçılara sorğu blankları təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində peşəyönümü məşğələlərinin təşkili tədris ilinin sonuna qədər davam etdiriləcək.