CƏMİYYƏT
Pestisid və aqrokimyəvi maddələrin keyfiyyət göstəriciləri üzrə monitorinqlərə başlanılır
Bakı, 14 mart, AZƏRTAC
Son dövrlərdə fermerlər tərəfindən ölkə ərazisində satılan bitki mühafizəsi vasitələrinin keyfiyyətinin və tətbiq edilən preparatların zərərli orqanizmlərə qarşı təsirinin aşağı olması barədə Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə müraciətlər edilir. Bununla əlaqədar olaraq ölkədə satılan pestisid və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin, həmin preparatların tərkibinin etiket üzərində göstərilən məlumatlara uyğunluğunun, saxtalaşdırma hallarının olub-olmamasının aydınlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən birgə monitorinqlərin keçirilməsinə başlanılır.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlərin keçirilməsində əsas məqsəd respublikamızda istehsal olunmuş, həmçinin idxal edilmiş məhsullar arasında yalnız keyfiyyət tələblərinə cavab verən məhsulların ölkə bazarında dövriyyəyə buraxılması və bununla da fermerlərin keyfiyyətli preparatlardan istifadəsinin təmin olunmasıdır.
Monitorinqlərdə satış müəssisələrinin ətraf mühitə və insan sağlamlığına təsiretmə dərəcəsinə, preparatların etiket məlumatlarına uyğun saxlanma şəraitinə əməl olunmasına, istifadəyə yararlılıq müddətinə, qabların hermetikliyinə, dövlət qeydiyyatına alınmış preparatlar siyahısında olub-olmamasına və digər vacib məsələlərə nəzarət ediləcək.
Satış müəssisələrində məhsullardan müvafiq qaydada nümunələr götürülərək keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə laboratoriya sınaqlarına göndəriləcək. Müayinələr nəticəsində uyğunsuzluq aşkar edildiyi təqdirdə həmin müəssisələr barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.