İQTİSADİYYAT
Peter Mixalko: Aİ Azərbaycanda aqrar sahəyə dəstək siyasətini davam etdirəcək VİDEO
Bakı, 17 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC
Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının əsas aparıcı faktorlarından biridir. Biz Azərbaycanda aqrar sahəyə dəstək siyasətimizi davam etdirəcəyik. Buraya iqtisadi fəaliyyətin artırılması, o cümlədən istehsal sahələri də daxildir. Əsas məqsədimiz kənd təsərrüfatında aqroturizmi inkişaf etdirməkdir. Kənd yerlərində bu sahənin inkişafının təmin edilməsi bütövlükdə cəmiyyətin, ölkənin inkişafına öz töhfəsini verir. Bu, eyni zamanda, birbaşa istehsalın artırılması ilə də bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
“Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması” Tvinninq layihəsində Avropanın təcrübəli mütəxəssislərinin iştirak etdiyini söyləyən Peter Mixalko vurğulayıb ki, Aİ Azərbaycanda digər sahələrə də dəstək verəcək. “Bura “yaşıl turizm”ə keçidlə bağlı addımlar, kiçik və orta biznesə dəstək verilməsi kimi məqamlar daxildir. Bizim əsas təşəbbüslərimizdən biri də təxminən 25 min kiçik biznes subyektinə dəstək göstərməkdir. Bu, kənd yerlərinə də aiddir. Bu sektorun inkişafı göstərir ki, Azərbaycanın kənd aqroturizmi potensialı böyükdür”, - deyə o əlavə edib.