REGİONLAR
Peter Mixalko: Bizim Lənkəranda bir sıra vacib təşəbbüs və layihələrimiz var

Biləsuvar, 9 iyun, İlkin Adıyev, AZƏRTAC
Bizim Lənkəranda bir sıra vacib təşəbbüs və layihələrimiz var ki, bu təşəbbüslərdən yerli insanlar da faydalana biləcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Lənkərana səfəri zamanı Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
Onun sözlərinə görə məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasındakı güclü tərəfdaşlığın nümunələrini burada göstərməkdir: “Biz həm bu bölgədə yaşayan insanlar üçün layihə çərçivəsində yaratdığımız imkan və vasitələrə dair məlumatı təqdim edəcəyik. Eyni zamanda, çalışırıq ki, yerli sakinlər bizi yəni - avropalıları yaxından tanımaq, mədəniyyətimizi, ənənələrimizi, o cümlədən təhsil sahəsində həyata keçirdiyimiz proqramlarımızı daha yaxşı tanısınlar. Beləliklə də Avropa İttifaqı ilə Azərbaycan bir-birinə daha da yaxınlaşır.
Səfir bildirib ki, layihələrimizdən biri “Avropa İttifaqı Lənkəran naminə” adlanır. Bu layihə sırf Lənkəran-Astara İqtisadi rayonunu əhatə edir. Bölgəyə xarakterik olan sahələrin inkişafını nəzərdə tutmuşuq. Bu layihə turizm və kənd təsərrüfatı məhsullarının inkişaf etdirilməsi ilə bağlıdır: “Lənkəranda mədəni inkişaf strategiyası yaradılacaq, strategiya çərçivəsində burada turizm və digər sektorların, mədəniyyətin təbliği ilə bağlı tədbirlərin həyata keçirilməsinin şahidi olacağıq”.