SİYASƏT


Peter Siyarto: Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlığa hazırıq

Strasburq, 28 sentyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto hesabat məruzəsi ilə çıxış etdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Peter Siyartoya sualla müraciət edib. Azərbaycanlı deputat ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın son illərdə beynəlxalq aləmdə həmin istiqamətdə əhəmiyyətli addımları ilə müşayiət edilən mövzuya diqqət çəkərək deyib: “Avropa Şurası Nazirlər Komitəsinin Macarıstanın sədrliyi dövründəki prioritetlərindən biri “Dözümsüzlüklə mübarizədə mədəniyyətlərarası dialoqun vacib rolunu vurğulayan dinlərarası dialoq” adlanır. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə olaraq dünya xalqları, eləcə də Avropa cəmiyyətləri arasında mədəniyyətlərarası dialoqun dəstəklənməsinin və inkişaf etdirilməsinin vacibliyinə inanır. Avropa qitəsində getdikcə artan dözümsüzlük və bölücü populist hərəkatlar fonunda, Nazirlər Komitəsinə rəhbərliyi dönəmində Macarıstanın bu mövzunu Avropa Şurasında yenidən gündəmə gətirməsini yüksək qiymətləndirirəm. Maraqlıdır ki, Macarıstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Avropa ictimaiyyəti arasında bu niyyətin daha effektiv gerçəkləşdirilməsindən ötrü hansı tədbirləri görmək niyyətdindədir?”

Sualı cavablandıran Peter Siyarto deyib: “Bu sahədə də Azərbaycanı ən yaxın həmfikirimiz və silahdaşımız hesab edirik. Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa ardıcıl töhfələrini yüksək qiymətləndiririk. Bu yaxınlarda Azərbaycanın mədəniyyət naziri ilə görüşdüm. Mədəniyyət paytaxtı elan edilmiş Şuşanın quruculuğu, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlıq etməyə hazırıq. Azərbaycanda olduğu kimi, Macarıstanda da katolik kilsəsi sinaqoqla yanaşıdır. Ən müxtəlif dinlərin və fərqli mədəniyyətlərin nümayəndələrinin rahat birgəyaşayışının təmin edilməsi əvəzsiz sərvətdir”.

Nazirlər Komitəsi sədri bu yanaşma tərzinin bir düşüncə və fəaliyyət istiqaməti kimi Avropada daha artıq bərqərar olması üçün ölkəsinin sədrliyi müddətində bütün səylərin səfərbər ediləcəyini söyləyib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.