DÜNYA
Peter Siyarto: Macarıstan Bosniya və Herseqovinanı dəstəkləyir, amma öz qazını heç kəsə verməyəcək
Budapeşt, 28 iyul, AZƏRTAC
Macarıstan qış mövsümü üçün təchizatı artırmaq məqsədilə kontraktlarda nəzərdə tutulandan əlavə 700 milyon kubmetr təbii qaz almaq barədə Moskva ilə müqavilə bağlamağa ümid edir. Xarici işlər naziri Peter Siyarto bu gün bəyan edib ki, hər iki istiqamətdə - ticarət və siyasət yönümlü danışıqlar “hər gün ümidlərimizi artırır”.
AZƏRTAC MTİ agentliyinə istinadla xəbər verir ki, Siyarto bu bəyanatı bosniyalı həmkarı Biser Turkoviç ilə birgə mətbuat konfransında səsləndirib.
Nazir deyib: “Biz macar vergi ödəyicilərinin puluna alınmış və Macarıstan rezervuarlarında saxlanılan qazdan macar xalqının və ölkə iqtisadiyyatının mənafelərinin tələb etdiyi kimi istifadə edəcəyik. Biz bu məsələdə heç bir güzəştə getməyəcəyik”.
Peter Siyarto daha sonra bildirib ki, Avropa İttifaqı Qərbi Balkanların inteqrasiyasını sürətləndirmək üçün tarixi öhdəlik götürüb və bu plandan imtina edilməsi Macarıstanın təhlükəsizlik mənafelərinə ciddi ziyan vurar. Onun sözlərinə görə, Macarıstan Ukraynadakına oxşar problemlərdən uzaq olmaq istəyir. Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizədlər statusu verilməsi barədə Aİ-nin qərarını alqışlayan Siyarto Gürcüstanın, Bosniya və Herseqovinanın belə status ala bilməməsini “kobud səhv” və “ikili standartlar” adlandırıb. Nazir deyib: “Aİ-də üzvlük Bosniya-Hersoqovinada icmalar arasında konsensus mövcud olmamasının əsas səbəblərindən biridir. Namizədlik bu ölkədə etnoslararası əməkdaşlığı və milli sabitliyi möhkəmləndirə bilərdi”.
Macarıstan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsi keçən il 30 faiz artaraq 500 milyon avroya çatıb. Macarıstanın Wizz Air diskont aviaşirkəti Mostarda özünün dördüncü bazasını açmağa hazırlaşır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt