SİYASƏT
Peterburq İqtisadi Forumu çərçivəsində “Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivlər” mövzusunda sessiya keçirilmişdir VİDEO
Sankt-Peterburq, 23 may (AZƏRTAC, Elşən Şahbalayev). Mayın 23-də 18-ci Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Müasir media: Transformasiyanın qlobal meyilləri və perspektivlər” mövzusunda sessiya keçirilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sessiyada müxtəlif ölkələrin informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycanı milli agentliklər səviyyəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov təmsil etmişdir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sessiyada iştirak etmişdir.
Sessiyada hazırda qlobal informasiya şəbəkəsinin qarşılaşdığı əsas meyillər və çağırışlar müzakirə edilmişdir. Müasir dünyada mass-medianın rolu, hadisələrin obyektiv işıqlandırılması, informasiyanın dəqiqliyi, çağdaş jurnalistikada peşə etikasının əhəmiyyəti və başqa məsələlər diqqət mərkəzində olmuşdur.
Sessiya İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini, baş redaktor Mixail Qusman və Böyük Britaniyanın Press Association Agentliyinin Baş direktoru Klayv Marşalın moderatorluğu ilə keçmişdir.
Press Association Agentliyinin baş redaktorunun müavini Tomas Kent, İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Yaponiyanın Kyodo News Agentliyinin icraçı direktoru Hiroki Suqita, Azərbaycanın “Trend” Agentliyinin baş direktorunun müavini Elçin Hüseynli və başqaları sessiyada çıxış etmişlər.
Çıxışlarda ilkin informasiyanın yayılmasında sosial medianın artmaqda olan rolu qeyd edilmişdir. Məsələn, İTAR-TASS Agentliyinin baş direktoru qeyd etmişdir ki, müasir dövrdə informasiyanın dəqiqliyi böyük əhəmiyyət kəsb edir. Buna görə də indi informasiya agentlikləri informasiyanın cəmiyyətə çatdırılmasında mühüm rol oynayırlar. S.Mixaylov onu da bildirmişdir ki, İTAR-TASS Agentliyi özünün 110 illiyini qeyd edir və bu dövr ərzində agentlik böyük inkişaf yolu keçmişdir.
Məruzəçilər sessiya iştirakçılarına təmsil etdikləri agentliklərin fəaliyyəti barədə məlumat vermiş, rəqəmsal mediaların informasiya təminatı və inkişafı sahəsində yeni meyillər, agentliklərin fəaliyyətinin marketinq prinsipləri barədə fikirlərini bölüşmüşlər.
Forum çərçivəsində İTAR-TASS Agentliyinin ekspozisiya stendi təqdim edilmişdir.